Kolbasa, sosiska, sucuk və vetçina kimi emal olunmuş ət məhsullarının müntəzəm istehlakı sağlamlıq baxımından müzakirə olunan mövzulardan biridir. Yeni araşdırma isə C vitamini ilə zəngin qidaların bu məhsulların tərkibindəki nitritlərdən yaranan bəzi zərərli birləşmələrin əmələ gəlməsini azaltmağa kömək edə biləcəyini göstərib.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislər emal olunmuş ət məhsullarının mümkün qədər məhdudlaşdırılmasını tövsiyə edirlər. Belə qidalar qəbul edildikdə isə tərəvəz və digər faydalı qidalarla birlikdə istehlak olunmasının daha məqsədəuyğun olduğu bildirilir.
Emal olunmuş ət məhsullarında qoruyucu maddə kimi istifadə edilən nitritlər mədənin turş mühitində müxtəlif reaksiyalara girə bilər. Bu proses nəticəsində nitrozaminlər də daxil olmaqla potensial kanserogen birləşmələrin yaranması mümkündür.
Mütəxəssislərin diqqət çəkdiyi məqam isə C vitamininin bu prosesə təsiri ilə bağlıdır. C vitamininin mədədə nitritlərin müəyyən reaktiv birləşmələrə çevrilməsini məhdudlaşdıraraq nitrozaminlərin əmələ gəlməsini azaltmağa kömək edə biləcəyi bildirilir.
Bu səbəbdən emal olunmuş ət məhsulları istehlak edilərkən C vitamini ilə zəngin qidalara – pomidor, bibər, yaşıl yarpaqlı tərəvəzlər və limon kimi məhsullara üstünlük verilməsi tövsiyə olunur.
Bununla belə, C vitamini qəbulunun emal olunmuş ətin yaratdığı xərçəng riskini tam aradan qaldırdığı düşünülməməlidir. Mütəxəssislər əsas yanaşmanın belə məhsulların istehlakını məhdudlaşdırmaq olduğunu vurğulayırlar.
Ümumdünya Səhiyyə Təşkilatının xərçəng üzrə araşdırmalarında da emal olunmuş ət məhsullarının müntəzəm istehlakı ilə müəyyən xərçəng növləri, xüsusilə kolorektal xərçəng arasında əlaqə qeyd olunub.
