Amerikalı müğənni və sosial media ulduzu Peris Hiltonun Los-Ancelesin nüfuzlu Beverly Park rayonunda yerləşən dəbdəbəli malikanəsi diqqət çəkib.
Ucnoqta.az xəbər verir ki, Hilton bu mülkü 2025-ci ildə aktyor Mark Uolberqdən 63,1 milyon dollara satın alıb.
Təxminən 3 min kvadratmetr sahəsi olan malikanənin ərazisi isə daha çox şəxsi kurortu xatırladır. Burada 12 yataq otağı və 20 hamam, böyük üzgüçülük hovuzu, qolf meydançası, basketbol və tennis kortları, skeyt-park, idman meydançaları, ev kinoteatrı, şərab zirzəmisi və siqar otağı yerləşir.
Fransız şatosu üslubunda inşa edilən ev açıq rəngli fasadı, sütunları və baxımlı bağları ilə seçilir. Əsas girişə daş döşənmiş geniş həyət aparır. Ərazidə səliqə ilə budanmış ağac və kollar xüsusi mənzərə yaradır.
Malikanənin yaxınlığında firuzəyi rəngli suyu olan böyük açıq hovuz yerləşir. Hovuzun ətrafında süni şəlalə, örtülü besedka, şezlonqlar və günəş çətirləri də var.
İnteryer dəbdəbəsi ilə diqqət çəkir. Qonaqları mərmər döşəməli geniş vestibül, işləməli məhəccərləri olan əyri pilləkən və Steinway & Sons royallı qarşılayır. Qonaq otağında kamin, döşəmədən tavana qədər uzanan kitab rəfləri və terasa çıxış mövcuddur.
Şərab kolleksiyası üçün ayrıca kərpicdən hazırlanmış, tağlı tavana malik zirzəmi yaradılıb. Evdə həmçinin bir neçə sıra yumşaq divan, tünd taxta dekorasiya, proyektor və zəif işıqlandırma ilə təchiz edilmiş xüsusi kinoteatr var.
Malikanədə aktiv istirahət üçün də geniş imkanlar yaradılıb. Təpələrin arasında şəxsi qolf meydançası yerləşir. Yaxınlıqda basketbol və tennis meydançaları, həmçinin skeyt-park var.
Beləliklə, Peris Hiltonun 63 milyon dollarlıq mülkü sadəcə lüks yaşayış evi deyil, demək olar ki, bütün imkanları öz ərazisində birləşdirən nəhəng şəxsi istirahət məkanıdır.

