ABŞ hakimiyyəti Boliviya, Kolumbiya, Peru və Ekvadordan olan bir sıra vəzifəli şəxslərə qarşı viza məhdudiyyətləri tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun yazılı açıqlamasında bildirilib.
Açıqlamaya görə, Vaşinqton həmin şəxslərin korrupsiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dəstəkdə iştirak etdiyini hesab edir.
“Tramp administrasiyası dövründə korrupsiyaya bulaşmış xarici vəzifəli şəxslər artıq ABŞ-a sərbəst şəkildə daxil ola bilməyəcəklər”, – Piqott bildirib.
Onun sözlərinə görə, Dövlət Departamenti Qərb yarımkürəsində demokratiyanın korrupsiya və narkotik ticarətindən qorunması istiqamətində tədbirlər görür. Bu öhdəliklərin ABŞ və bir sıra Latın Amerikası ölkələrinin narkokartellərlə mübarizə aparan və birgə hərbi əməliyyatlar həyata keçirən “Amerikalar Qalxanı” alyansında iştirakı ilə bağlı olduğu qeyd edilib.
Viza məhdudiyyətləri Boliviyanın 12, Kolumbiyanın 2, Perunun 1 və Ekvadorun 2 vətəndaşına şamil olunub. Siyahıya keçmiş və hazırkı prokurorluq əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri və hakimlər daxildir.
Piqott əlavə edib ki, sanksiya siyahısına daxil edilən şəxslərdən bəzilərinə daha əvvəl verilmiş ABŞ vizaları da ləğv ediləcək.
