Yuxu müddətinin sağlamlığa təsiri ilə bağlı aparılan yeni araşdırma uzunmüddətli yuxu ilə ümumi ölüm riski arasında əlaqə olduğunu göstərib.
Ucnoqta.az xəbər verir ki, Tayvanda aparılan və 30 ildən çox müddəti əhatə edən araşdırmada ürək-damar xəstəliyi olmayan 3 305 yetkin insanın məlumatları təhlil edilib.
İştirakçılar yuxu müddətinə görə üç qrupa bölünüb. Birinci qrupa sutkada 6 saat və ya daha az yatanlar, ikinci qrupa 7-8 saat yatanlar, üçüncü qrupa isə 9 saat və daha çox yatanlar daxil edilib.
Nəticələrə görə, sutkada 9 saat və daha çox yatan şəxslərdə bütün səbəblərdən ölüm riski 7-8 saat yatanlarla müqayisədə 17 faiz daha yüksək olub.
Bununla belə, uzun yuxu ilə ürək-damar xəstəliklərindən ölüm arasında statistik baxımdan əhəmiyyətli əlaqə müəyyən edilməyib.
Tədqiqatçılar uzun yuxu ilə ölüm riski arasındakı əlaqədə sistolik qan təzyiqinin müəyyən rol oynaya biləcəyini bildiriblər.
Mütəxəssislər isə araşdırmanın müşahidə xarakterli olduğunu vurğulayırlar. Buna görə də uzun müddət yatmağın birbaşa ölüm riskinin artmasına səbəb olduğu qənaətinə gəlmək mümkün deyil.
Araşdırma nəticələri yuxunun sağlamlıq baxımından qiymətləndirilməsində yalnız müddətin deyil, insanın ümumi sağlamlıq vəziyyətinin və yuxu rejiminin də nəzərə alınmasının vacibliyini göstərir.
