ABŞ-ın F-35 Lightning II qırıcısına aid potensial məxfi komponentlər səhvən Çinə göndərilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin mənbələrinə görə, “Lockheed Martin” şirkətinin istehsal etdiyi bəzi hissələr, o cümlədən qırıcının kabin örtüyü və silah bölməsinin lyuku may ayında Avstraliyadan ABŞ-a göndərilib. Komponentlərin mümkün təmir və ya utilizasiya üçün ABŞ-a çatdırılması nəzərdə tutulub.
Lakin yükdaşıma şirkəti UPS-in hələlik məlum olmayan səbəbdən komponentləri ABŞ əvəzinə Honq Konqa göndərdiyi bildirilir.
Məlumata görə, sözügedən hissələrin istehsalında F-35 təyyarəsinin radarlar üçün görünməzliyini təmin edən məxfi texnologiyalardan istifadə olunub.
Bloomberg-in mənbələri bildiriblər ki, komponentlər Çin hakimiyyətinin əlinə keçib və hazırda onların ABŞ-a qaytarılmadığı iddia edilir.
