2026-cı il Formula-1 üzrə dünya çempionatının 15-ci mərhələsi – Azərbaycan Qran-prisinin proqramı bu gün Bakıda başlayır.
Ucnoqta.az xəbər verir ki, Bakı mərhələsi ilk dəfə 2016-cı ildə çempionat təqviminə daxil edilib və həmin il Avropa Qran-prisi adı ilə keçirilib. 2017-ci ildən isə yarış Azərbaycan Qran-prisi adlandırılır.
Şəhər trasının uzunluğu 6 kilometrdir və 20 döngədən – 12 sol, 8 sağ döngədən ibarətdir. Start düzünün uzunluğu 2,1 kilometr təşkil edir ki, bu da çempionat təqvimində ən uzun düz hissədir. Pilotlar burada saatda 340 kilometrədək sürət yığa bilirlər. Trasın digər xüsusiyyəti isə 90 dərəcəlik 8 döngənin olmasıdır.
Bakıda keçirilən ilk yarışın qalibi 2016-cı ildə dünya çempionu olduqdan sonra karyerasını başa vuran almaniyalı Niko Rosberq olub. Hazırkı pilotlardan Maks Ferstappen və Serxio Peres iki dəfə, Lüis Hemilton, Valtteri Bottas və Oskar Piastri isə bir dəfə Bakı mərhələsində qalib gəliblər.
