2026-cı ilin oktyabr ayında Yaponiyada 475 milyondan çox kiberhücum qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur və mütləq rekord hesab olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sankei” qəzeti Tokioda yerləşən “Cyber Security Cloud” tədqiqat şirkətinə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, son aylarda şirkət və dövlət qurumlarının serverlərinə, eləcə də internet saytlarına hücumların sayı kəskin artıb. Oktyabrda qeydə alınan hücumların sayı sentyabr ayı ilə müqayisədə 21 milyon çox olub. Artımın əsas səbəblərindən birinin süni intellekt əsaslı avtomatlaşdırılmış sistemlərdən istifadə olduğu ehtimal edilir.
Yaponiya hökuməti çoxsaylı haker hücumları fonunda ötən həftə kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş xüsusi iclas keçirib. Hücumlar nəticəsində on milyonlarla insanın şəxsi məlumatlarının ələ keçirildiyi ehtimal olunur.
Belə ki, oktyabrın 22-də iri oyun istehsalçısı “Capcom” dünya üzrə təxminən 11,7 milyon istifadəçisinin məlumatlarının sızdığını açıqlayıb. Ertəsi gün isə Yaponiyanın ən böyük nəqliyyat şirkətlərindən biri olan “Sagawa Express” kiberhücum nəticəsində 53,2 milyon müştərisinə aid məlumatların ələ keçirilmiş ola biləcəyini bildirib.
