Yaponiyada “Duczyuan” tayfununun yaratdığı fəsadlar səbəbindən təxminən 17 min ev və mənzil elektrik enerjisiz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə regionun ən böyük enerji şirkəti olan “Tokyo Electric Power”ın bölməsi məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin bərpası istiqamətində işlər davam etdirilir və təchizatın sentyabrın 25-də bərpa olunması planlaşdırılır.
Tayfun sentyabrın 20-də Yaponiyanın Sakit okean sahilinin mərkəzi hissəsi boyunca keçib. Təbii fəlakət nəticəsində Tokioya bitişik Çiba və Kanaqava prefekturalarında ciddi fəsadlar yaranıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, fəlakət zonasında təxminən 600 yaşayış binasına ciddi ziyan dəyib. Çiba prefekturasında güclü daşqınlardan sonra dəmir yolu xətlərinin və avadanlıqların vəziyyəti yoxlanıldığı üçün bəzi yerli qatar marşrutlarında hərəkət hələ də pozulub.
Tayfunun fəsadları nəticəsində 10 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşmüş hesab olunur. Ölənlərin əksəriyyətinin torpaq sürüşmələrinin qurbanı olduğu bildirilir.
