Payız mövsümü meyvə bolluğu ilə seçilsə də, qanda şəkərin səviyyəsinə nəzarət edən insanlar üçün düzgün meyvə seçimi xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, bəzi meyvələr yüksək lif tərkibi sayəsində şəkərin qana sorulmasını ləngidə və qlükoza səviyyəsinin daha sabit qalmasına kömək edə bilər.
Ucnoqta.az xəbər verir ki, dietoloq Cillian Kubala qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağa kömək edən altı payız meyvəsini açıqlayıb.
- Əncir
Təzə və qurudulmuş əncir maqnezium və qida lifləri ilə zəngindir. Maqnezium karbohidrat mübadiləsini və insulin ifrazını dəstəkləyir, lif isə həzmi ləngidərək şəkərin qana tədricən sorulmasına kömək edir.
Bir stəkan qurudulmuş əncirin tərkibində təxminən 101 mq maqnezium və 14 qramdan çox lif var. Bundan əlavə, əncir hüceyrələri zədələnmədən qoruyan antioksidantlarla zəngindir.
- Nar
Nar dənələri qatıq, salat və yulaf əzməsinə əlavə edilə bilər. Bir stəkan nar dənəsində təxminən 7 qram lif var. C vitamini ilə zəngin olan bu meyvə immun sistemini dəstəkləyir.
Araşdırmalar narın müntəzəm istehlakının insulinə həssaslığın yaxşılaşmasına və oksidləşdirici stressin azalması vasitəsilə qlükoza səviyyəsinə nəzarətə kömək edə biləcəyini göstərir.
- Alma
Payızın ən məşhur meyvələrindən biri olan alma xüsusilə qabığı ilə yeyildikdə daha faydalıdır. Böyük ölçülü bir almada təxminən 6 qram lif var. Onun tərkibindəki pektin qanda qlükozanın sorulmasını ləngidə bilər.
Almanın qabığı isə lif, C vitamini və kversetin kimi faydalı bitki birləşmələri ilə zəngindir.
- Armud
Bir orta ölçülü armudda 7 qramdan çox lif var. Bundan əlavə, armud aşağı qlisemik indeksə malik meyvələrdəndir. Onun qlisemik indeksi təxminən 38-dir. Bu isə qanda şəkərin daha tədricən yüksəlməsinə kömək edir.
Armudu salatlara, taxıllı yeməklərə əlavə etmək, həmçinin qoz-fındıq əzməsi və ya pendirlə birlikdə istehlak etmək olar.
- Zoğal
Turşməzə dadı ilə seçilən zoğal karbohidrat qəbulunu məhdudlaşdıran insanlar üçün uyğun seçimlərdən biri hesab olunur. Bir stəkan zoğalda təxminən 12 qram karbohidrat və 3,6 qram lif var. Giləmeyvə həmçinin polifenollarla zəngindir.
Mütəxəssislər zoğaldan sous hazırlayarkən adi şəkər əvəzinə alternativ şirinləşdiricilərdən istifadə etməyi tövsiyə edirlər.
- Avokado
Avokado ilboyu əlçatan olsa da, payız rasionuna əlavə etmək üçün də faydalı məhsuldur. Böyük bir avokadonun yarısında təxminən 8,5 qram karbohidrat və 6,8 qram lif var.
Tərkibindəki faydalı doymamış yağlar, maqnezium və digər qida maddələri qan şəkərinin sabit saxlanmasına kömək edə bilər. Avokadodan salatlarda, qvakamole hazırlanmasında və müxtəlif yeməklərdə istifadə etmək mümkündür.
