Səhərlər gümrah oyanmaq və gün ərzində enerjili olmaq üçün yatmazdan əvvəl telefondan, planşetdən və televizordan istifadəni dayandırmaq tövsiyə olunur.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislər yuxudan 30-60 dəqiqə əvvəl ekranlardan uzaq durmağın yuxunun keyfiyyətini yaxşılaşdırdığını bildirirlər.
EatingWell nəşrinin məlumatına görə, telefon, planşet və televizor ekranlarından yayılan işıq melatonin hormonunun ifrazını zəiflədə bilər. Bu isə yuxuya getməyi çətinləşdirir və gecə istirahətinin keyfiyyətini aşağı salır.
Mütəxəssislər yatmazdan əvvəl sosial şəbəkələrə və xəbərlərə baxmaq əvəzinə kitab oxumağı, meditasiya etməyi və ya gündəlik yazmağı məsləhət görürlər.
Psixoloq Mett Qlovyak növbəti gün görüləcək işləri və insanı narahat edən düşüncələri kağıza qeyd etməyi tövsiyə edir. Onun sözlərinə görə, bu, zehni rahatlaşdırır və daha dərin yuxuya kömək edir.
Bundan əlavə, hər gün eyni saatda yatıb-oyanmaq, səhər gün işığına çıxmaq və müntəzəm fiziki aktivlik də yuxunun keyfiyyətinə müsbət təsir göstərir.
Mütəxəssislər spirtli içkilərin də yuxunun keyfiyyətini pisləşdirdiyini və orqanizmin gecə ərzində tam bərpa olunmasına mane olduğunu bildirirlər.
