Kartof gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin onun bəzi növləri sağlamlıq üçün təhlükə yarada bilər. Xüsusilə yaşıllaşmış, güclü cücərmiş və xarab olmağa başlamış kartofdan istifadə qida zəhərlənməsinə səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislər belə kartoflarda solanin adlı təbii zəhərli birləşmənin miqdarının arta biləcəyi barədə xəbərdarlıq edirlər. Bu baxımdan azyaşlı uşaqların və yaşlı insanların qidalanmasında xüsusilə diqqətli olmaq tövsiyə olunur.
Hansı kartofdan istifadə etmək olmaz?
Qida təhlükəsizliyi üzrə mütəxəssislər üç növ kartofa xüsusi diqqət yetirməyi məsləhət görürlər: yaşıllaşmış, güclü cücərmiş və xarab olmuş kartof.
Yaşıllaşmış kartof. Kartofun qabığında və ya içərisində yaşıl rəngin yaranması qlikoalkaloidlərin, o cümlədən solaninin miqdarının artmasına işarə edə bilər. Bu proses adətən kartofun işıq altında saxlanması nəticəsində baş verir. Yaşıl rəngin özü zəhərli olmayan xlorofillə bağlı olsa da, onun yaranması zəhərli birləşmələrin də artması ilə müşayiət oluna bilər. Kartof güclü yaşıllaşıbsa, onu qabığını soymaqla xilas etməyə çalışmaq əvəzinə atmaq daha təhlükəsizdir.
Uzun cücərtiləri olan kartof. Cücərmə zamanı kartofda təbii toksinlərin, xüsusilə cücərtilərdə və “göz” adlanan hissələrdə qlikoalkaloidlərin miqdarı arta bilər. Kartof çoxlu cücərti veribsə, büzüşübsə və ya yumşalıbsa, ondan istifadə edilməməlidir. Bərk qalan, yaşıllaşmayan kartofun üzərindəki kiçik cücərtiləri və “göz” hissələrini isə diqqətlə təmizləmək olar. Lakin köhnəlmiş və güclü cücərmiş kartofu atmaq daha məqsədəuyğundur.
Acı dadı olan kartof. Kartofun acı dad verməsi və ya dadına baxdıqdan sonra ağızda yanma hissi yaratması qlikoalkaloidlərin yüksək miqdarda olmasının əlaməti ola bilər. Belə kartofu yeməyə davam etmək və başqa yeməklərdə istifadə etmək olmaz.
Mütəxəssislər bildirirlər ki, adi qaynatma, sobada bişirmə və ya qızartma solaninin tam parçalanmasına zəmanət vermir. Buna görə də təhlükəli kartofu istilik emalı ilə yararlı vəziyyətə gətirməyə çalışmaq düzgün deyil.
