Avropanın bir sıra ölkələrində sərnişin təyyarələrində partlayıcı qurğunun olması ilə bağlı daxil olan məlumatlar hava nəqliyyatında ciddi təhlükəsizlik tədbirlərinə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, TASS-ın məlumatına görə, İrlandiyadan İtaliyaya uçan və göyərtəsində partlayıcı maddənin ola biləcəyi ehtimalı ilə Fransada eniş tələb edən sərnişin təyyarəsi ölkənin Evre-Fovil hərbi hava bazasına enib.
Bundan başqa, Bolqarıstan, Avstriya, İtaliya və Belçikada da bir neçə təyyarə təcili eniş edib.
Bolqarıstan
Kopenhagen və Madriddən uçan iki təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanına enib. Londondan gələn daha bir təyyarə isə Plovdiv hava limanında eniş edib. Onun göyərtəsindəki 184 sərnişinin avtobuslarla Sofiyaya aparılması planlaşdırılır.
Nova telekanalının məlumatına görə, hər üç təyyarə “Ryanair” aviaşirkətinə məxsusdur. Bolqarıstanın xüsusi xidmət orqanları təyyarələri, sərnişinləri və baqajları yoxlamağa başlayıb.
Avstriya
“Wizz Air” aviaşirkətinin Milandan Varşavaya uçan təyyarəsi bomba təhlükəsi barədə məlumatdan sonra Vyanada məcburi eniş edib.
Bundan başqa, Finnair sifarişi ilə uçuş həyata keçirən təyyarələrdən biri də bomba təhlükəsi barədə siqnal alıb. Reysin Helsinkidən havaya qalxdığı və Vyanada normal eniş etdiyi bildirilir.
Belçika
“LOT” aviaşirkətinin Varşavadan Brüsselə uçan təyyarəsi şübhəli məlumat daxil olduqdan sonra Brüssel hava limanında təcili eniş edib.
Hava limanının nümayəndəsi reyslə bağlı şübhəli siqnal daxil olduğunu təsdiqləsə də, məlumatın məzmununu açıqlamayıb.
Fransa
İrlandiyadan İtaliyaya uçan “Aer Lingus” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi göyərtədə bomba təhlükəsi barədə siqnal verdikdən sonra Fransadakı Evre-Fovil hərbi hava bazasına yönləndirilib.
Hadisənin Fransa hökumətinin nəzarətində olduğu bildirilir.
İtaliya
Finlandiyanın paytaxtı Helsinkidən uçan “Finnair” reysi də bomba təhlükəsi barədə məlumatdan sonra Romadakı Fiumicino hava limanına enib. Təyyarəni İtaliya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı müşayiət edib.
Hadisələrlə bağlı yoxlamaların nəticələri barədə hələlik ətraflı məlumat verilməyib.
