Hörmüz boğazının şərq hissəsində tanker dəniz minasına düşərək partlayıb və yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
İranın Tasnim agentliyinin yaydığı məlumata görə, hadisə səhər saatlarında baş verib. Tanker gəmiçilik qaydalarını pozaraq Hörmüz boğazının şərq hissəsində təhlükəli ərazidən keçərkən dəniz minası ilə toqquşub. Nəticədə gəmidə yanğın başlayıb və tanker hərəkətini dayandırıb.
İran Hərbi Dəniz Qüvvələrinin iddiasına görə, tankerdə identifikasiya və naviqasiya sistemləri söndürülmüş vəziyyətdə olub.
Bəyanatda gəmi sahiblərinə Hörmüz boğazının təhlükəsiz olmadığı və müəyyən edilmiş tələblərə əməl etmədən, əvvəlcədən razılıq almadan bu ərazidən keçməyə çalışan gəmilərin təhlükə ilə üzləşəcəyi barədə xəbərdarlıq edilib.
Hadisə nəticəsində xəsarət alanlar və tankerin mənsubiyyəti barədə məlumat verilməyib.
