ABŞ administrasiyası İrana qarşı növbəti addımlarla bağlı bir neçə ssenarini nəzərdən keçirir. Bunlara genişmiqyaslı hava zərbələrinin bərpası, iqtisadi təzyiqin artırılması və danışıqlar daxildir.
Ucnoqta.az xəbər verir ki, ABŞ Yaxın Şərqə “USS Theodore Roosevelt” atom aviadaşıyıcısını və onu müşayiət edən hərbi gəmiləri göndərir. Gəmilərin noyabr ayında bölgəyə çatacağı gözlənilir.
Noyabrın 5-də ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşavirləri ilə vəziyyəti müzakirə edərək qərar qəbul etməli olduqlarını bildirib: “İndi qərar verəcəyik: daha irəli getmək istəyirikmi?”
Axios-un məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalına hazırlaşır. Lakin Vaşinqtondan hələlik müvafiq əmr verilməyib.
Aviadaşıyıcı qrupuna dörd əsas döyüş gəmisi daxildir. Onun aviasiya qanadında F/A-18 Super Hornet və F-35C qırıcıları, eləcə də radioelektron mübarizə və kəşfiyyat təyyarələri yer alır.
Digər ABŞ aviadaşıyıcı qrupları da bölgədə qalarsa, Vaşinqton Yaxın Şərqdə eyni vaxtda üç belə hərbi birləşmə yerləşdirə bilər.
