Həddindən artıq isti çay içmək ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəli ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Real Simple” nəşri araşdırmaya istinadən məlumat yayıb.
“The Journal of Internal Medicine” jurnalında dərc olunan araşdırmada 485 934 nəfərin məlumatları təhlil edilib. Təxminən 10 il davam edən müşahidələr zamanı iştirakçıların çay içmə vərdişləri, fiziki aktivliyi, siqaret istifadəsi və damar sağlamlığı öyrənilib.
Nəticələr göstərib ki, müntəzəm çay istehlakı damar xəstəliklərinin daha az yayılması ilə əlaqəlidir. Lakin çayı qaynar vəziyyətdə içən insanlarda ürək-damar xəstəlikləri ehtimalı ilıq və soyumuş çay içənlərlə müqayisədə 16 faiz daha yüksək olub.
Dietoloq Lori Raytın sözlərinə görə, çayın tərkibindəki polifenollar antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Bu maddələr damar sağlamlığının qorunmasına, qan dövranının və arterial təzyiqin normal saxlanmasına kömək edə bilər.
Ekspert çayı rahat içilə biləcək temperatura qədər soyutmağı tövsiyə edib.
Çay nə qədər dəmlənməlidir?
Araşdırmada orta dəmlənmiş çayın ürək-damar ağırlaşmalarının daha az müşahidə olunması ilə əlaqəli olduğu müəyyən edilib. Həddindən artıq uzun dəmləmə isə polifenollarla yanaşı, kofein və taninlərin də daha çox ayrılmasına səbəb olur.
Dietoloq çayı istehsalçının tövsiyələrinə uyğun olaraq bir neçə dəqiqə dəmləməyi məsləhət görür.
Araşdırmaya əsasən, qara çay içənlərdə damar sağlamlığı ilə bağlı daha ardıcıl müsbət göstəricilər qeydə alınıb. Bununla belə, yaşıl çayı qida rasionundan çıxarmağa ehtiyac yoxdur. Hər iki növün faydalı xüsusiyyətləri var.
Mütəxəssislər vurğulayırlar ki, araşdırma çay istehlakı ilə sağlamlıq göstəriciləri arasında əlaqəni müəyyən edib, lakin birbaşa səbəb-nəticə əlaqəsini sübut etməyib. Buna görə də çay sağlam həyat tərzinin bir hissəsi kimi qiymətləndirilməlidir.
