Payızda bağın təmizlənməsi zamanı edilən bəzi səhvlər bitkilərin zəifləməsinə, gələn il isə çiçəklənmənin azalmasına səbəb ola bilər. Mütəxəssislər bağ sahəsini qışa hazırlayarkən bir sıra məqamlara diqqət yetirməyi tövsiyə edirlər.
Ucnoqta.az xəbər verir ki, “Gardening Know How” nəşri payızda bağ təmizliyi zamanı yol verilən əsas səhvləri açıqlayıb.
1. Yazda çiçəkləyən kolları payızda budamaq
Azaliya, yasəmən, forsitiya və maqnoliya kimi kollar çiçək tumurcuqlarını əvvəlki ilin zoğlarında formalaşdırır. Onları payızda budamaq gələn yaz çiçəklərin azalmasına və ya ümumiyyətlə açmamasına səbəb ola bilər. Belə kolları çiçəkləmə dövrü başa çatdıqdan sonra budamaq məsləhətdir.
2. Soğanaqlı bitkilərin yarpaqlarını vaxtından əvvəl kəsmək
Zanbaq, qladiolus, kanna və krokozmiya kimi bitkilərin yaşıl yarpaqları növbəti mövsüm üçün qida və enerji toplayır. Yarpaqları vaxtından əvvəl kəsmək bitkiləri zəiflədə və gələn il çiçəklənməyə mənfi təsir göstərə bilər. Buna görə yarpaqlar təbii şəkildə saralıb quruyana qədər gözləmək lazımdır.
3. Həşərat və quşlar üçün faydalı bitkiləri təmizləmək
Payızda bütün qurumuş bitkilərin və yarpaqların yığışdırılması quşları qida mənbəyindən, faydalı həşəratları isə qış sığınacağından məhrum edə bilər. Ekinezya, rudbekiya, aster və dekorativ otların toxumları quşlar üçün qida rolunu oynayır. Bəzi bitkilərin qurumuş gövdələri isə arıların yuva qurmasına şərait yaradır.
Buna görə sağlam yarpaqların və gövdələrin bir hissəsini qış ərzində saxlamaq, təmizliyi isə yazadək təxirə salmaq faydalıdır. Lakin xəstəlik yayılmasının qarşısını almaq üçün xəstə yarpaqlar mütləq yığışdırılmalıdır.
Qeyd edək ki, payız təmizliyində əsas məqsəd bağı tamamilə yarpaqsız və səliqəli etmək deyil, bitkilərin qışa sağlam hazırlaşmasına və faydalı canlıların qorunmasına şərait yaratmaqdır.
