Havaların soyuması ilə evlərin qışa hazırlanması da aktuallaşır. Bu zaman istilik sistemləri ilə yanaşı, pəncərələrin vəziyyətini də yoxlamaq vacibdir.
Ucnoqta.az xəbər verir ki, “Good Housekeeping” nəşri mütəxəssislərin məsləhətlərinə əsasən, pəncərələrin qışa hazır olmadığını göstərən dörd əsas əlaməti açıqlayıb.
1. Pəncərələrdən soyuq hava gəlir
Pəncərələrin kip bağlanmaması soyuq havanın içəri daxil olmasına, isti havanın isə çölə çıxmasına səbəb olur. Bunu yoxlamaq üçün yanan şamı və ya tüstülənən çubuğu pəncərə çərçivəsi boyunca hərəkət etdirmək olar. Tüstünün istiqaməti dəyişirsə, hava sızması ehtimalı var. Belə boşluqlar hermetik vasitələr və xüsusi izolyasiya lentləri ilə bağlanmalıdır.
2. Şüşələrdə buğlanma və kondensat yaranır
Şüşələrin arasında silinməyən buğu və ya su damcıları görünürsə, şüşəpaketin hermetikliyi pozulmuş ola bilər. Bu halda onun istilik izolyasiyası zəifləyir. Çərçivə saz vəziyyətdədirsə, yalnız şüşəpaketi dəyişmək mümkündür. Əks halda, pəncərənin tamamilə yenilənməsi məqsədəuyğun ola bilər.
3. Şüşələr çirklidir
Çirkli pəncərələr yalnız görünüşə təsir etmir, həm də günəş işığının evə daxil olmasını azaldır. Şüşələrin təmiz saxlanması qışda günəş istiliyindən daha yaxşı istifadə etməyə kömək edir.
4. Pəncərənin kilidi və mexanizmləri işləmir
Pəncərənin çətin açılıb-bağlanması və ya kilidin düzgün işləməməsi də problem əlamətidir. Bu səbəbdən qanadlar bir-birinə kip sıxılmaya və soyuq hava içəri daxil ola bilər. İlk növbədə mexanizmlər tozdan təmizlənməli, hərəkətli hissələr silikon spreylə yağlanmalı, boşalmış vintlər bərkidilməlidir.
Mütəxəssislər qışın sərt soyuqları başlamazdan əvvəl bu problemlərin aradan qaldırılmasını tövsiyə edirlər.
