Səudiyyə Ərəbistanı və Suriya müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mətbuat Agentliyi məlumat yayıb. Sənəd iki ölkə liderlərinin Ər-Riyadda keçirilən görüşündən sonra imzalanıb.
Tərəflər, həmçinin Səudiyyə Ərəbistanının Sənaye və Mineral Ehtiyatlar Nazirliyi ilə Suriyanın Sənaye, Daxili Ticarət və İstehlakçı Hüquqlarının Müdafiəsi Nazirliyi arasında anlaşma memorandumu bağlayıblar.
Görüşdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud və Suriya Prezidenti Əhməd əş-Şaraa ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tərəflər Yaxın Şərqdəki vəziyyətə toxunaraq hərbi eskalasiyanın dünya iqtisadiyyatının sabitliyinə və enerji təchizatına ciddi təsirlərini vurğulayıblar. Onlar böhranların diplomatik yollarla həllinin və regionda gərginliyin azaldılmasının vacibliyini qeyd ediblər.
