ABŞ Maliyyə Nazirliyi Rusiya və Tacikistan vətəndaşı Əlişer Domullocanovu İrana qarşı sanksiya siyahısına daxil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, Hindistanın dörd vətəndaşı, eləcə də Hindistan, Türkiyə və Sinqapurda fəaliyyət göstərən 10 təşkilata qarşı da məhdudiyyətlər tətbiq edilib.
ABŞ tərəfinin iddiasına görə, sanksiyalar İranın “kölgə donanması”na dəstək göstərən şəxslərə və qurumlara qarşı yönəlib. Onların sanksiya altındakı gəmilərə saxta bayraqlar və sertifikatlar təqdim etdiyi, İran neftinin daşınmasına, o cümlədən İran silahlı qüvvələri adından fəaliyyət göstərən gəmilərə dəstək verdiyi bildirilir.
ABŞ Maliyyə Nazirliyi həmçinin şirkətləri saxta bayraq altında üzən gəmiləri icarəyə götürməyin riskləri barədə xəbərdar edib. Qurumun açıqlamasına görə, belə gəmilərin sığorta və digər zəruri sənədlərinin olmaması onların fəaliyyət göstərdiyi ölkələrə milyardlarla dollar zərər vura bilər.
