ABŞ Prezidenti Donald Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilmiş fövqəladə vəziyyət rejimini və bununla əlaqədar birtərəfli sanksiyaları daha bir il uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Trampın hökumətin rəsmi sənədlərinin dərc olunduğu Federal Reyestrdə yayımlanan bəyanatında bildirilib.
Sənəddə qeyd olunub ki, ABŞ ilə İran arasında münasibətlər hələ də normallaşmayıb və 19 yanvar 1981-ci il tarixli ikitərəfli razılaşmaların icrası prosesi davam edir.
Söhbət 1979-cu il İran inqilabından sonra Tehranda bir ildən artıq girov saxlanılan amerikalı diplomatların azad edilməsinə gətirib çıxaran Əlcəzair razılaşmalarından gedir. Həmin sənədlərdə ABŞ və İranın bir-birinin daxili işlərinə qarışmaması prinsipi də əksini tapıb.
Tramp bəyanatında bildirib ki, 14 noyabr 1979-cu ildə elan edilmiş fövqəladə vəziyyət rejimi və həmin dövrdə tətbiq olunan tədbirlər 14 noyabr 2026-cı ildən sonra da qüvvədə qalmalıdır.
Beləliklə, ABŞ-nin İrana qarşı fövqəladə vəziyyət rejimi daha bir il uzadılıb.
