Yaponiya və ABŞ-ın birgə keçirdiyi “Keen Sword” hərbi təlimləri oktyabrın 19-dan 29-dək Yaponiyada və ölkənin ətrafındakı sularda keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Yaponiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə Avstraliya, Almaniya və Fransa da daxil olmaqla daha 7 ölkənin hərbi bölmələri iştirak edəcək.
Yaponiya tərəfindən təlimlərə təxminən 45 min hərbçi cəlb olunacaq. Həmçinin 40-a yaxın hərbi gəmi və 250 təyyarənin iştirakı nəzərdə tutulur. ABŞ kontingentinin sayı və tərkibi açıqlanmayıb.
Təlimlər zamanı Yaponiyanın yeni “Type-25” mobil yerüstü raketləri ilk dəfə nümayiş etdiriləcək. Təxminən 1 000 kilometr mənzilə malik bu raketlərin tətbiqi və hədəfə yönəldilməsi üzrə hərbçilərin qarşılıqlı fəaliyyəti məşq ediləcək. Lakin təlimlər çərçivəsində real raket buraxılışları həyata keçirilməyəcək.
“Keen Sword” təlimləri iki ildən bir keçirilir və ABŞ-Yaponiya komanda-qərargah təlimləri olan “Keen Edge” ilə növbəli şəkildə təşkil olunur.
