Sentyabrın 30-na keçən gecə Kiyev yenidən ballistik raketlərlə hücuma məruz qalıb. Zərbələr nəticəsində şəhərin bir sıra rayonlarında yanğınlar baş verib, ölən və yaralananlar qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində bir nəfər ölüb, daha 4 nəfər yaralanıb.
Kiyevin Svyatoşın rayonunda fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə yanğın baş verib. Yaralanan qadınlardan biri xəstəxanaya yerləşdirilib.
Həmçinin Qoloseyev rayonunda anbar binasında, Obolon rayonunda isə mağazada yanğın qeydə alınıb. Səhər saatlarında Podol rayonunda fərdi yaşayış evində də yanğın baş verdiyi bildirilib.
Hücumdan sonra Kiyevin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yerli məlumatlara görə, bölgədə enerji infrastrukturu obyektləri də zərbələrə məruz qalıb.
