Pentaqon Afrikada yerləşdirilən MQ-9 “Reaper” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarının Mərkəzi və Cənubi Amerikaya köçürülməsi imkanını nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçiləri 2025-ci ildə narkotik qaçaqmalçılarına məxsus bir neçə gəmiyə qarşı zərbələr zamanı bu dronlardan istifadə ediblər. Bölgədə əməliyyatların genişləndirilməsi fonunda Afrikadakı əlavə MQ-9 “Reaper”lərin Latın Amerikasına göndərilməsi nəzərdən keçirilir.
Bu pilotsuz uçuş aparatları elektron rabitəni izləməyə, istilik izlərini müəyyənləşdirməyə və yüksək dəqiqlikli zərbələr endirməyə imkan verir.
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri Frensis Donovan məlumatı şərh etməkdən imtina edib. O bildirib ki, Latın Amerikasındakı mürəkkəb relyef və hava şəraiti səbəbindən əməliyyatlar üçün yüksək texnologiyalı sistemlərə ehtiyac var.
