Həddindən artıq duz və duzlu məhsulların istifadəsi yalnız ürək-damar sisteminə deyil, beyin fəaliyyətinə də mənfi təsir göstərə bilər.
Ucnoqta.az xəbər verir ki, ABŞ-ın Veyl Kornell Tibb Kollecinin alimləri yüksək duzlu qidalanmanın beyin üçün mümkün nəticələrini araşdırıblar.
Laboratoriya siçanları üzərində aparılan təcrübədə heyvanlara normaldan 8-16 dəfə çox duz tərkibli qida verilib. Nəticədə onların koqnitiv qabiliyyətlərinin zəiflədiyi, həmçinin beyində tau zülalının səviyyəsinin artdığı müəyyən edilib. Tau zülalının yığılması Alzheimer xəstəliyi və bəzi demensiya formaları ilə əlaqələndirilir.
Alimlər bunun əsas mexanizminin azot oksidinin istehsalının azalması ilə bağlı olduğunu bildirirlər. Bu proses tau zülalında dəyişikliklərə səbəb olaraq neyronların fəaliyyətini poza bilər.
Araşdırmanın müsbət tərəfi isə odur ki, siçanların normal qidalanmaya qaytarılmasından sonra koqnitiv funksiyalarının qismən bərpa olunduğu müşahidə edilib.
İnsanlar üçün nə deməkdir?
Təcrübədə istifadə olunan duz miqdarı insanların orta istehlakından xeyli yüksək olsa da, tədqiqatçılar nəticələrin qidalanma ilə beyin fəaliyyəti arasındakı əlaqəni anlamaq baxımından əhəmiyyətli olduğunu bildirirlər.
Ümumdünya Səhiyyə Təşkilatı gündə 5 qramdan çox duz qəbul etməməyi tövsiyə edir.
Duz qəbulunu azaltmaq üçün mütəxəssislər xüsusilə emal olunmuş məhsulların, sousların, çörəyin, hazır şorbaların və digər duz tərkibi yüksək qidaların istehlakına diqqət yetirməyi məsləhət görürlər.
Kaliumla zəngin banan, kartof və ispanaq kimi məhsulların qida rasionuna daxil edilməsi, fiziki aktivlik və balanslı qidalanma da tövsiyə olunur.
Qeyd edilir ki, gündəlik duzun əhəmiyyətli hissəsi insanın yeməyə əlavə etdiyi duzdan deyil, hazır və emal olunmuş qidalardan qəbul edilir.
