ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Dwight D. Eisenhower” aviadaşıyıcısında eniş zamanı insident baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə sentyabrın 28-də Virciniya ştatı sahillərində, atom enerjisi ilə işləyən “Nimitz” sinifli aviadaşıyıcının göyərtəsinə eniş zamanı qeydə alınıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, aviadaşıyıcının 3-cü Hava Qanadına (CVW-3) daxil olan təyyarənin iki pilotu katapult edib. Onlar axtarış-xilasetmə qrupu tərəfindən dərhal xilas edilərək gəminin göyərtəsinə çatdırılıblar.
İnsident zamanı gəminin dörd ekipaj üzvü də xəsarət alıb.
Hadisə təyyarənin göyərtəyə eniş zamanı aerofinişer trosuna ilişməli olduğu mərhələdə baş verib.
Qeyd edək ki, “Dwight D. Eisenhower” aviadaşıyıcısında oxşar hadisə daha əvvəl də baş verib. 2016-cı ildə E-2C “Hawkeye” təyyarəsinin enişi zamanı tros qırılıb və nəticədə ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz hərbçisi xəsarət alıb.
