Cənubi Koreyalı alimlər adi göz dibi müayinəsi vasitəsilə insanın bioloji yaşını qiymətləndirməyin mümkün ola biləcəyini müəyyən ediblər.
Ucnoqta.az xəbər verir ki, Seul Milli Universitetinin tədqiqatçıları təxminən 30 min torlu qişa görüntüsünü analiz edərək onun “yaşı” ilə insanın həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar.
Söhbət bioloji yaşdan gedir. Bu göstərici insanın neçə il yaşadığını deyil, orqanizmin yaşlanma prosesinin hansı sürətlə getdiyini əks etdirir. Bioloji yaş genetika, həyat tərzi, ətraf mühit və sağlamlıq vəziyyətindən asılı olaraq pasport yaşından fərqlənə bilər.
Alimlər retinal age gap (RAG) adlanan, insanın real yaşı ilə torlu qişanın görüntüsü əsasında hesablanan yaş arasındakı fərqi müəyyən edən texnologiyanı təkmilləşdiriblər.
Tədqiqat zamanı 7 535 nəfərin 29 530 torlu qişa görüntüsündən istifadə olunub. Daha sonra sistem 7 416 iştirakçıya aid 14 832 görüntü üzərində sınaqdan keçirilib. Model insanın xronoloji yaşını orta hesabla 2,5–2,7 il xəta ilə müəyyən edə bilib.
Araşdırmada RAG göstəricisinin bəzi xəstəliklər və həyat tərzi faktorları ilə əlaqəli olduğu da müəyyən edilib. Diabeti olan şəxslərdə bu göstərici orta hesabla 2,52 il, hazırda siqaret çəkənlərdə 0,5 il, əvvəllər siqaret çəkənlərdə isə 0,46 il daha yüksək olub.
Yaşla bağlı makula degenerasiyası olan insanlarda göstərici təxminən 0,6 il, kataraktı olanlarda isə 1,86 il yüksək olub. Bununla belə, alimlər katarakta ilə bağlı nəticənin ehtiyatla şərh edilməli olduğunu bildirirlər. Çünki xəstəliyin yaratdığı görüntü bulanıqlığı nəticələrə təsir göstərə bilər.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə torlu qişanın analizi həkimlərə bəzi sağlamlıq problemlərini daha erkən aşkar etməyə kömək edə bilər. Lakin hazırda yalnız RAG göstəricisinə əsaslanaraq konkret şəxsin sağlamlığı və ya xəstəlik riski barədə nəticə çıxarmaq tezdir.
Alimlərin fikrincə, texnologiyanın fərdi tibbi qiymətləndirmələrdə istifadəsindən əvvəl onun uzunmüddətli müşahidələr zamanı əlavə yoxlanılmasına ehtiyac var. Hazırda RAG daha çox böyük insan qruplarında yaşlanma tendensiyalarının öyrənilməsi üçün uyğun hesab olunur.
