ABŞ Dövlət Departamenti Misirə ayrılması nəzərdə tutulan 320 milyon dollar həcmində hərbi yardımla bağlı insan haqları və demokratik islahat tələblərindən imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters qurumun sənədlərinə istinadən məlumat yayıb.
Söhbət 2025-ci maliyyə ili üçün nəzərdə tutulan Xarici Hərbi Maliyyələşdirmə vəsaitindən gedir. Dövlət katibi Marko Rubio milli təhlükəsizlik əsaslarını nəzərə alaraq yardımın verilməsi üçün tələb olunan sertifikat şərtindən imtina edib.
ABŞ Dövlət Departamenti qərarı Misirin terrorla mübarizə, sərhəd təhlükəsizliyi və digər təhlükəsizlik məsələlərində Vaşinqton üçün əhəmiyyətli tərəfdaş olması ilə əsaslandırıb. Reuters-in məlumatına görə, qərarda Misirin ABŞ-ın İrana qarşı başlatdığı “Epic Fury” əməliyyatından sonra göstərdiyi dəstək də qeyd olunub.
ABŞ Misirə 1980-ci illərin sonlarından etibarən hər il təxminən 1,3 milyard dollar hərbi yardım ayırır. Yardımın bir hissəsi əvvəlki illərdə Qahirənin insan haqları göstəricilərinə görə məhdudlaşdırılıb.
