Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı proqnozlaşdırılır.
Bəzi həssas ərazilərdə lokal subasma, dağ çaylarında qısamüddətli sel və daşqınların baş verəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi gözlənilir.
FHN intensiv yağıntılar zamanı mümkün sel, daşqın və subasma təhlükəsi olan ərazilərdən uzaq durmağa, təhlükə yarandıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağa və xilasedicilərin çağırış və tövsiyələrinə əməl etməyə çağırıb.
İldırım çaxdığı zaman elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışılmaması, açıq havada elektrik xətlərinə, ildırımötürücülərə, navalça və antenalara yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq tövsiyə olunur. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın bitməsini gözləmək məsləhət görülür.
Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə edilir.
FHN, həmçinin küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməli olduğunu bildirib. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
Nazirlik təhlükə zamanı “112” qaynar xəttinə zəng etməyə çağırıb.
