Mətbəxdə geniş istifadə olunan iki məhsul — darçın və sarımsaq xolesterinin səviyyəsini azaltmağa kömək edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Verywell Health dietoloqlar Keri Hans və Uitni Stüarta istinadən məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, araşdırmalar darçın və sarımsağın istifadəsi ilə “pis” xolesterinin səviyyəsinin azalması arasında əlaqə olduğunu göstərir. Dietoloqlar Keri Hans və Uitni Stüarta istinadən yaydığı məlumata görə, darçın orqanizmdə yağların və xolesterinin emalına təsir göstərə bilər. Bəzi tədqiqatlarda, xüsusilə diabetli insanlarda, bu ədviyyatın ümumi xolesterin və aşağı sıxlıqlı lipoproteinlərin (LDL) səviyyəsini müəyyən qədər azaltdığı müşahidə edilib. Bununla belə, tədqiqatların nəticələri birmənalı deyil.
Mütəxəssislərin diqqət çəkdiyi digər məhsul sarımsaqdır. Onun əzilməsi zamanı yaranan allisin kimi kükürd tərkibli birləşmələr qaraciyərdə xolesterin istehsalını ləngidə bilər. Sarımsağın antioksidant xüsusiyyətləri də LDL xolesterinin oksidləşməsinin qarşısını almağa kömək edə bilər.
Dietoloqlar allisinin yaranması üçün sarımsağı əzdikdən sonra təxminən 10 dəqiqə gözləməyi, daha sonra bişirməyi tövsiyə edirlər.
Mütəxəssislər vurğulayırlar ki, darçın və sarımsaq yüksək xolesterinin müalicəsini əvəz etmir. Xolesterinin səviyyəsinə nəzarətdə ümumi qidalanma, sağlam həyat tərzi və həkimin təyin etdiyi müalicə əsas rol oynayır.
