Böyük Britaniya hakimiyyəti Eritreya vətəndaşlarına viza verilməsini tamamilə dayandıra bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Eritreya hakimiyyəti deportasiya edilməli olan vətəndaşlarını geri qəbul etməyə razılaşmasa, London viza məhdudiyyətlərini sərtləşdirəcək.
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, Eritreya deportasiya edilməli olan şəxsləri, o cümlədən cinayət törətmiş şəxsləri geri qəbul etməkdən imtina edib.
“Mesajım Eritreya hökumətinə sadədir: vətəndaşlarınızı geri qəbul edin, əks halda onların Böyük Britaniyaya girişinə tam qadağa ilə üzləşəcəksiniz”, – deyə nazir vurğulayıb.
Oktyabrın 15-dən etibarən Britaniya hakimiyyəti Eritreyanın yüksək vəzifəli rəsmiləri üçün vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi prosedurunu ləğv edib. Bundan başqa, Eritreya diplomatlarına əvvəlcədən Britaniya Xarici İşlər Nazirliyindən icazə almadan London ətrafında 60 kilometrdən artıq məsafəyə səfər etmək qadağan olunub.
Britaniya tərəfi məhdudiyyətlərin Eritreyanın paytaxtı Əsmərədə britaniyalı diplomatlara tətbiq edilən analoji tədbirlərə cavab olduğunu bildirib.
