BMT ABŞ və İranın Hörmüz boğazından gübrə tranzitini təmin edəcək mexanizm barədə yaxın bir neçə həftə ərzində razılığa gəlməsinin vacib olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Layihə Xidmətləri İdarəsinin direktoru, Hörmüz boğazı vasitəsilə humanitar daşımalar üzrə xüsusi işçi qrupunun rəhbəri Jorji Moreyra da Silva “Reuters” agentliyinə açıqlamasında deyib.
O bildirib ki, razılaşma əldə olunmasa, Asiya və Afrikanın bir çox ölkəsi ərzaq böhranı ilə üzləşə bilər.
Da Silva qeyd edib ki, əkin mövsümünün qaçırılması kənd təsərrüfatı məhsuldarlığının əhəmiyyətli dərəcədə azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olacaq.
BMT rəsmisi gübrə tranziti məsələsinin təcili həll edilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məsələ ABŞ və İran arasında gələcəkdə əldə oluna biləcək daha genişmiqyaslı razılaşmadan asılı vəziyyətə salınmamalıdır.
