Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanında dövlətə məxsus “Saudi Aramco” neft şirkətinin obyektlərinə və Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına zərbələr endirdiklərini iddia ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan SABA agentliyi hərəkatın bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda bildirilir ki, hücumlar Dəhranda və Səudiyyə Ərəbistanının Şərq əyalətində yerləşən “Saudi Aramco” obyektlərini, eləcə də Ər-Riyaddakı beynəlxalq hava limanını və neft emalı zavodunu əhatə edib.
Husilərin iddiasına görə, əməliyyat zamanı çoxsaylı ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatlarından istifadə olunub.
Hərəkat Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumları davam etdirəcəyi ilə hədələyib. Husilər beynəlxalq nəqliyyat şirkətlərini, mülki şəxsləri və obyektlərin əməkdaşlarını həmin əraziləri dərhal tərk etməyə çağıraraq, onları “qanuni hədəflər” adlandırıblar.
Husilər hücumların Yəmənin paytaxtı Sənaya və ölkənin digər əyalətlərinə ərəb koalisiyası tərəfindən endirilən aviazərbələrə cavab olduğunu bildiriblər. Hücumların nəticələri barədə isə məlumat verilməyib.
