İrana və Yaxın Şərqə dair münaqişə fonunda Almaniyada neft məhsullarının qiymətləri sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 51,3 faiz artıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, neft məhsullarının qiymətləri 2026-cı ilin avqust ayı ilə müqayisədə isə 8,2 faiz yüksəlib. Birbaşa distillə olunan benzinin qiyməti ötən ilin sentyabr ayı ilə müqayisədə 53,8 faiz, yüngül soba yanacağının qiyməti 91,8 faiz, avtomobil yanacağının qiyməti isə 48,6 faiz artıb.
Bununla yanaşı, sentyabrda enerji daşıyıcılarının qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 14,9 faiz, avqust ayına nisbətən isə 5,8 faiz bahalaşıb.
Paylayıcı şəbəkələr vasitəsilə təqdim olunan təbii qazın qiyməti ötən ilin sentyabr ayı ilə müqayisədə 15 faiz, elektrik enerjisinin qiyməti isə 8,2 faiz artıb. Mərkəzləşdirilmiş istilik təchizatı xidmətlərinin qiyməti isə 0,5 faiz azalıb.
