Britaniya kralı III Çarlzın kiçik oğlu şahzadə Harri kral ailəsinin üzvləri ilə münasibətləri bərpa etmək istədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, “GQ” jurnalına müsahibəsində dünyada və insanların həyatında kifayət qədər gərginlik olduğunu, buna görə də ailədaxili münaqişələri davam etdirməyin düzgün olmadığını deyib.
“Hazırda dünyada baş verənləri nəzərə alsaq, ən vacib məsələ barışıqdır. Əsas olan budur. Yaralar həmişə qalır. Ancaq baş verənləri necə qəbul etməyiniz, onlara münasibətiniz və keçmişi geridə qoya bilməyiniz hər kəsə tövsiyə edəcəyim yanaşmadır”, – deyə şahzadə Harri bildirib.
O əlavə edib ki, dünyada və insanların həyatında onsuz da kifayət qədər gərginlik var və buna görə də ailədaxili münaqişələri davam etdirməyə ehtiyac yoxdur.
Qeyd edək ki, şahzadə Harri və həyat yoldaşı Meqan Markl 31 mart 2020-ci ildə Britaniya kral ailəsinin yüksək vəzifəli üzvləri kimi fəaliyyətlərini dayandırıblar. Bu qərardan sonra cütlük monarxı rəsmi səfərlərdə təmsil etmək, mərasim və digər rəsmi vəzifələri yerinə yetirmək imkanını itirib. Onlar ABŞ-yə köçüblər.
