İtaliyanın bir neçə şəhərində keçirilən etiraz aksiyaları və iğtişaşlar iqtisadiyyata 1,6 milyon avroyadək ziyan vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Unimpresa” tədqiqat mərkəzinin hesabatında bildirilib.
Məlumata görə, oktyabrın 17-də Milan, Bolonya, Turin və Berqamo şəhərlərində yaşayış xərclərinin artmasına qarşı keçirilən aksiyalar toqquşmalarla nəticələnib. Ümumi zərərin orta hesabla 1,3 milyon avro olduğu bildirilir.
Ziyanın təxminən 75 faizi ticarət və ictimai iaşə müəssisələrinin payına düşür. Ən çox zərər Milan şəhərinə dəyib. Dağılan vitrinlər, zədələnən obyektlər, oğurlanan mallar və şəhər infrastrukturuna vurulan ziyan əsas itkilər sırasındadır.
Hesabata ictimai asayişin qorunması, tibbi yardım və təmizlik xərcləri, eləcə də turizm sektoruna dəyən dolayı zərər daxil edilməyib.
“Unimpresa” qeyd edir ki, bir çox kiçik biznes sığortasında iğtişaşlar nəticəsində yaranan zərərlər əhatə olunmur. Buna görə də sahibkarların əhəmiyyətli hissəsi xərcləri öz hesabına ödəməli olacaq.
