Burkina-Fasonun Cinayət Məcəlləsinə səkkiz illik fasilədən sonra ölüm cəzası yenidən daxil edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Radio Omega” radiostansiyası məlumat yayıb.
Məlumata görə, Milli Qanunvericilik Assambleyasının üzvləri ölüm hökmünün bərpasına yekdilliklə səs veriblər. Səsvermədən əvvəl ölkənin ədliyyə naziri Edaso Rodrig Bayala qanun layihəsini təqdim edib.
Nazirin sözlərinə görə, ölüm hökmünün bərpası ictimai asayişin möhkəmləndirilməsi, vətəndaşların və onların əmlakının qorunması, eləcə də cinayət qanunvericiliyinin cinayətlərin müxtəlif növlərinə uyğunlaşdırılması məqsədi daşıyır.
Bayala bildirib ki, bu addım terror təhlükəsinin və təhlükəsizlik qüvvələri sıralarında xəyanətin aradan qaldırılmasına yönəlib. Onun sözlərinə görə, ölüm hökmü dövlətə xəyanət, terror fəaliyyəti və hərbi cinayətlərdə təqsirli bilinən şəxslərə şamil ediləcək.
