Payız aylarında saç tökülməsinin artması bir çox insanı narahat edir. Lakin mütəxəssislər hər saç tökülməsini mövsüm dəyişikliyi ilə əlaqələndirməyin düzgün olmadığını bildirirlər. Uzun müddət davam edən tökülmə, saçların nəzərəçarpacaq dərəcədə seyrəlməsi və baş dərisində müəyyən nahiyələrin açılması fərqli sağlamlıq problemlərinin əlaməti ola bilər.
Ucnoqta.az xəbər verir ki, payızda saç tökülməsinin artdığını görənlər çox vaxt həll yolunu şampunlarda və vitamin əlavələrində axtarırlar. Türkiyəli dermatoloq Kıvılcım Çınkır Özsaraç isə saç tökülməsinin səbəbinin düzgün müəyyənləşdirilməsinin vacibliyini vurğulayaraq xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, saçların təbii uzanma və istirahət dövrü var. Mövsüm dəyişiklikləri zamanı bəzi insanlarda müvəqqəti saç tökülməsi müşahidə edilə bilər. Lakin saç tökülməsinin yeganə səbəbi mövsüm dəyişikliyi deyil.
Dəmir çatışmazlığı, qalxanabənzər vəz xəstəlikləri, qeyri-kafi qidalanma, güclü stress, hormonal dəyişikliklər və bəzi dərmanlar da saç tökülməsinə səbəb ola bilər.
Bu əlamətlər varsa, dermatoloqa müraciət edin
Özsaraç saç tökülməsinin müddətinə və formasına diqqət yetirməyin vacib olduğunu bildirib. Aşağıdakı hallarda dermatoloqun müayinəsindən keçmək tövsiyə olunur:
Saç tökülməsi bir neçə həftədən çox davam edirsə;
Tökülmə getdikcə artırsa;
Saçlarda nəzərəçarpacaq seyrəlmə yaranırsa;
Saç xətti geriləyirsə;
Başın müəyyən nahiyələrində dairəvi və ya lokal açılmalar yaranırsa;
Baş dərisində qaşınma, qızartı və ya qabıqlanma müşahidə edilirsə.
Mütəxəssis saç tökülməsinin səbəbi araşdırılmadan vitamin və mineral əlavələri qəbul etməyin, şampun və digər qulluq vasitələrindən istifadə etməyin hər zaman düzgün seçim olmadığını vurğulayıb. Çatışmazlıqların yalnız müvafiq müayinələrdən sonra müəyyənləşdirilməli olduğunu qeyd edib.
Özsaraçın sözlərinə görə, hər saç tökülməsi eyni səbəbdən yaranmır. Zərurət olduqda dermatoloji müayinə və laborator analizlər vasitəsilə problemin mənbəyi araşdırıla bilər.
Saç tökülməsinin qarşısını almaq üçün nələrə diqqət etməli?
Dermatoloq saç sağlamlığının qorunmasında balanslı qidalanmanın və düzgün qulluq qaydalarının əhəmiyyətini də qeyd edib.
Saçların davamlı olaraq yüksək temperaturla formaya salınması, sıx yığılması və sərt kimyəvi prosedurlara məruz qalması saç tellərinin qırılmasına səbəb ola bilər.
Mütəxəssis saç tökülməsini yalnız xaricdən istifadə olunan vasitələrlə aradan qaldırmağa çalışmağın düzgün olmadığını, ilk növbədə problemin səbəbinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
