Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - VİDEO

10:40 - 17 İyul 2024 - Xəbər

Son illərdə paytaxt Bakı şəhərində sürətli iqtisadi inkişaf, işgüzar fəallığın genişlənməsi, müxtəlif təyinatlı obyektlərin tikintisinin vüsət alması dayanıqlı nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən etibarlı nəqliyyat sisteminin tikintisini şərtləndirib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. 

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolunun ümumi uzunluğu 12.7 km olmaqla 1b texniki dərəcəyə uğun olaraq inşa edilir. Yolun torpaq yatağının eni 30,6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarət olacaq. 

Avtomobil yolunun hər iki tərəfində yaşıllıq zonasının salınması da layihə üzrə nəzərdə tutulub. 

Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının və yol əsasının inşası işləri həyata keçirilir. 

Bundan başqa layihəyə əsasən yol boyu 6 körpünün və 3 yerdə alt keçidin inşası, həmçinin suötürücü boruların quraşdırılması işləri də aparılır. 

Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.  


Xəbər xətti