Gün ərzində iş, telefon, sosial media və müxtəlif məsuliyyətlər səbəbindən diqqətdən kənarda qalan düşüncələr gecə ətraf sakitləşdikdə daha qabarıq şəkildə üzə çıxa bilər.
Ucnoqta.az xəbər verir ki, mütəxəssis psixoloq Beste Çokaygilin sözlərinə görə, bu vəziyyət problemlərin gecələr böyüməsi ilə deyil, zehnin diqqətini başqa istiqamətə yönəldən stimulların azalması ilə bağlıdır. Yəni gecə insanı narahat edən düşüncələr əslində yeni deyil, sadəcə sakitlik şəraitində daha aydın hiss olunur.
Çokaygil gecə saatlarında zehnin daha çox işləyirmiş kimi hiss edilməsinin təbii olduğunu bildirib:
“Gün ərzində iş, telefon, sosial media və gündəlik məsuliyyətlər diqqətimizi daim xarici aləmdə saxlayır. Gecə isə bu stimullar azaldıqda zehnimiz öz daxilinə yönəlir. Buna görə gecə ortaya çıxan düşüncələr çox vaxt yeni olmur; gündüz fərqinə varmadığımız düşüncələri sakitlik içində daha aydın hiss edirik”.
Mütəxəssisdən diqqətçəkən xəbərdarlıq
Çokaygil günün sonunda təkcə bədənin deyil, zehnin də yorulduğunu qeyd edib. Onun sözlərinə görə, yorğun zehin emosiyaları tənzimləməkdə və hadisələrə müəyyən məsafədən yanaşmaqda daha çox çətinlik çəkir.
“Gündüz həll edilə bilən kimi görünən bir məsələ gecə daha mürəkkəb və ümidsiz təsir bağışlaya bilər. Buna görə xüsusilə gecələr mühüm qərarlar verməmək və məsələni səhər yenidən dəyərləndirmək daha sağlam yanaşma ola bilər”, – deyə psixoloq bildirib.
İnsan problemin həllinə yaxınlaşdığını düşünsə də…
Çokaygil gecə saatlarında zehni məşğul edən düşüncələrin böyük hissəsinin keçmişdən daha çox gələcəklə bağlı narahatlıqlardan qaynaqlandığını söyləyib.
“Qeyri-müəyyənlik qarşısında zehin həll yolu tapmağa çalışır. Lakin gecə yataqda olarkən bir çox problemi həll etmək mümkün olmadığından düşünmək bir müddət sonra eyni fikirlərin təkrarlanmasına çevrilə bilər. Psixologiyada buna ruminasiya, yəni zehni ‘gövşəmə’ deyilir. İnsan problemin həllinə yaxınlaşdığını düşünsə də, çox vaxt eyni narahatlığın ətrafında dövr etməyə davam edir”, – deyə o vurğulayıb.
Gecələr artan düşüncələrin öhdəsindən gəlmək üçün bəzi sadə vərdişlər faydalı ola bilər. Mütəxəssis ağla gələn məsələləri qısa şəkildə qeyd etməyi, “Bunu sabah düşünəcəyəm” deyərək zehnə sərhəd qoymağı, yatmazdan əvvəl ekran qarşısında keçirilən vaxtı azaltmağı və müntəzəm yuxu rejimi formalaşdırmağı tövsiyə edib.
Onun sözlərinə görə, gecələr uzun müddət güclü narahatlıq, düşüncələri dayandıra bilməmək və ya yuxu problemləri yaşanırsa, peşəkar dəstəyə müraciət etmək lazımdır.
