Payız və qış aylarında günlərin qısalması, günəş işığının azalması bəzi insanlarda enerji azlığı, yorğunluq və əhval-ruhiyyənin pisləşməsinə səbəb ola bilər. Mütəxəssislər bu dövrdə düzgün qidalanmanın, keyfiyyətli yuxunun və fiziki aktivliyin əhəmiyyətini vurğulayırlar.
Ucnoqta.az xəbər verir ki, qidalanma və dietologiya üzrə mütəxəssis, dosent Binnur Okan Bakırın sözlərinə görə, həddindən artıq şəkərli, emal olunmuş və qızardılmış qidalar əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər.
Mütəxəssis balanslı qidalanmada aşağıdakı 10 qida qrupuna üstünlük verməyi tövsiyə edir:
Balıq – Omeqa-3 yağ turşuları ilə zəngindir və beyin funksiyalarında rol oynayır.
Yumurta – Keyfiyyətli zülal və B qrupu vitaminlərinin mənbəyidir.
Qatıq və kefir – Zülal və kalsiumla təmin edir. Şəkər əlavə edilməmiş növlərinə üstünlük verilməsi məsləhətdir.
Yulaf – Liflə zəngindir və toxluq hissinin daha uzun müddət qorunmasına kömək edir.
Tam taxıllar – Tam taxıllı çörək, makaron və bulqur lif və B qrupu vitaminləri ilə zəngindir.
Paxlalılar – Mərci, lobya və noxud bitki mənşəli zülal, lif və vitaminlər ehtiva edir.
Yaşıl yarpaqlı və narıncı tərəvəzlər – Müxtəlif vitaminlər və faydalı bioloji aktiv maddələrlə zəngindir.
Nar və sitrus meyvələri – C vitamini və lif mənbəyidir.
Çərəzlər – Qoz, fındıq və badam sağlam yağlar, maqnezium və E vitamini ehtiva edir.
Mayelər – Su, ayran, süd və şəkərsiz bitki çayları orqanizmin maye balansının qorunmasına kömək edir.
Mütəxəssis qeyd edir ki, payızda əhval-ruhiyyənin dəyişməsini yalnız qidalanma ilə əlaqələndirmək düzgün deyil. Heç bir qida depressiyanın qarşısını almaq və ya onu müalicə etmək üçün təkbaşına kifayət etmir. Sağlam qidalanma ilə yanaşı, müntəzəm yuxu, fiziki aktivlik və gün işığından faydalanmaq da vacibdir.
