Böyük Britaniyada 1884-cü ildən etibarən aparılan müşahidələr tarixində ən isti yay bu il qeydə alınıb.
Ucnoqta.az Sky News-a istinadən xəbər verir ki, 2026-cı ilin yayı beş istilik dalğası, dağıdıcı yanğınlar, isti gecələr və quraqlıqla müşayiət olunub.
“Bu ilin yayı cəmi ötən il müəyyən edilmiş əvvəlki rekordu geridə qoyub. Eyni zamanda, son illərdə çoxsaylı hava rekordları dəfələrlə yenilənib”, – ölkənin Meteorologiya Xidməti bildirib.
İsti hava yağıntıların azlığı, yüksək atmosfer təzyiqi və iqlim dəyişikliyi ilə əlaqələndirilir.
Meteorologiya Xidmətinin iqlim hadisələri şöbəsinin rəhbəri doktor Mark Makkarti qeyd edib ki, antropogen tullantıların təsiri olmasaydı, Böyük Britaniyada belə bir yayın baş verməsi təxminən min ildə bir dəfə mümkün olardı. Onun sözlərinə görə, tullantıların təsiri nəticəsində hazırda ölkədə belə yayın təxminən doqquz ildə bir dəfə yaşanması ehtimal olunur.
2026-cı ilin iyun, iyul və avqust aylarında gündüz və gecə üzrə orta temperatur 16,5°C təşkil edib. Bu göstərici ötən il qeydə alınmış 16,1°C-lik əvvəlki mövsümi maksimumu ötüb. Əvvəlki illərdə daha yüksək temperatur göstəriciləri, o cümlədən 2022-ci ildə 40°C-lik rekord temperatur qeydə alınsa da, bu ilki yay uzunmüddətli anomal istilərlə fərqlənib.
Temperaturun 30°C və daha yüksək olduğu 40 gün qeydə alınıb. Bu da 1995-ci ildə müəyyən edilmiş 34 günlük əvvəlki rekordu üstələyib.
1976-cı ildə Norfolk qraflığının Linqvud şəhərində qeydə alınmış 35,6°C-lik iyun temperatur rekordu bu il həmin ərazidə yenilənib. Termometrlər 38°C göstərib.
Ümumilikdə, Meteorologiya Xidmətinin 54 meteoroloji stansiyasında bu yay sutkalıq maksimal temperatur üzrə mütləq rekord qeydə alınıb.
“Tarixdə ən isti yayımız iqlim dəyişikliyinin Böyük Britaniyaya gəlməsini gözləmədiyimizi, artıq onun mərkəzində yaşadığımızı amansız şəkildə xatırladır. İqtisadiyyat elektrikləşdirilməli və Böyük Britaniyada istehsal olunan təmiz enerji hesabına iqlim dəyişikliyi ilə mübarizə aparılmalıdır”, – iqlim keçidi naziri Keti Uayt bildirib.
