Sosial şəbəkələrdə müxtəlif meyvə şirələrinin qablaşdırılmasında, əsas meyvədən əlavə, almanın da tərkibdə göstərilməsi müzakirə olunur. Məsələn, üzərində albalı, manqo və ya marakuya təsviri olan içkilərin tərkibində alma şirəsinə rast gəlmək mümkündür.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun əsas səbəbi almanın dadının nisbətən neytral və şirin olmasıdır. Bəzi meyvələrin təbii şirəsi çox turş və ya kəskin dada malik olduğundan alma şirəsi həmin dadı balanslaşdırmaq üçün istifadə edilə bilər. Alma konsentratının geniş yayılması və əlçatan olması da amillərdən biridir.
Bununla yanaşı, mağazalarda şirə, nektar və şirə tərkibli içki anlayışlarını bir-birindən fərqləndirmək vacibdir.
Şirə – meyvə və ya tərəvəzdən əldə edilən məhsuldur.
Nektar – şirə və ya meyvə püresinin su ilə qarışığından hazırlanır.
Şirə tərkibli içki – tərkibində daha az miqdarda təbii şirə olan içkidir.
Qablaşdırmanın üzərində böyük meyvə şəkli olması məhsulun yalnız həmin meyvədən hazırlandığı anlamına gəlmir.
Məhsulun tərkibini müəyyənləşdirməyin ən etibarlı yolu qablaşdırmanın arxasındakı siyahını oxumaqdır. Bir neçə meyvədən hazırlanan məhsullarda inqrediyentlər adətən miqdarın çoxluğuna görə sıralanır. Buna görə siyahıda alma şirəsi birinci göstərilibsə, onun digər meyvələrdən daha çox olduğu anlaşılır.
