Səudiyyə Ərəbistanı və Suriya Yəməndə “Ənsar Allah” hərəkatına qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün 10-20 min suriyalı hərbçinin göndərilməsi məsələsini müzakirə edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Suriya Prezidenti Əhməd əş-Şara Yəmənə hərbçi göndərilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir, lakin bununla bağlı hələ yekun qərar qəbul edilməyib.
Bildirilib ki, Dəməşq və Ər-Riyad məsələ ilə bağlı Vaşinqtonla da məsləhətləşib. ABŞ belə bir addıma qarşı olmadığını bildirib. ABŞ administrasiyası Əhməd əş-Şaranın Yəmənə hərbçi göndərəcəyinə inanır və hesab edir ki, suriyalı hərbçilərin bu ölkədə yerləşdirilməsi Səudiyyə Ərəbistanı ilə Suriya arasında münasibətləri möhkəmləndirə bilər.
“Axios”un məlumatına görə, suriyalı hərbçilərin Yəmənə göndərilməsi müharibəyə dini xarakter verə və münaqişəni daha da dərinləşdirə bilər. Kontingentin tərkibinə “Ənsar Allah”ın şiə qüvvələrinə qarşı döyüşəcək sünni hərbçilərin daxil ola biləcəyi bildirilir.
