Bu gün Vətən müharibəsinin gedişində mühüm hadisələrdən birinin – Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin ildönümüdür.
Ucnoqta.az bildirir ki, 2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusunun bölmələri Hadrut qəsəbəsinə nəzarəti bərpa edib. Bu hadisə cənub istiqamətində gedən döyüşlərdə ordunun mövqelərinin möhkəmlənməsi baxımından mühüm mərhələ olub.
Hadrut uğrunda döyüşlər oktyabrın ilk günlərində intensivləşib. Azərbaycan hərbçilərinin bölgədə həyata keçirdiyi əməliyyatlar nəticəsində qəsəbənin ətrafındakı yüksəkliklər və strateji mövqelər nəzarətə götürülüb. Ardınca Hadrut qəsəbəsinin özünün azad edilməsi təmin olunub.
Oktyabrın 9-u Azərbaycan Ordusu üçün digər yaşayış məntəqələrinin azad edilməsi ilə də yadda qalıb. Həmin gün Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək və Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı, Xocavəndin isə Sor kəndləri azad edilib.
Hadrutun nəzarətə götürülməsi Azərbaycan Ordusunun sonrakı əməliyyatlarının istiqamətinin müəyyənləşdirilməsində də mühüm rol oynayıb. Cənub cəbhəsində əldə edilən uğurlar daha sonra Şuşa istiqamətində hərbi əməliyyatların genişləndirilməsinə imkan yaradıb.
Qəsəbənin azad edilməsindən bir müddət sonra, 2021-ci il martın 16-da Prezident İlham Əliyev Hadruta səfər edib. Dövlət başçısı qəsəbədə Azərbaycan bayrağını ucaldıb və burada çıxış edib.
