Qvatemalanın cənub-qərbində yerləşən Atitlan gölünə helikopterin düşməsi nəticəsində iki nəfər itkin düşüb, beş nəfər isə xilas edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Diario de Centro América” qəzeti könüllü yanğınsöndürənlər korpusunun məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, helikopterdə olan yeddi nəfərdən beşi xilas edilib və onların xəsarət almadığı bildirilir. Digər iki nəfərin axtarışları davam etdirilir.
Qvatemala Mülki Aviasiya Baş İdarəsinin məlumatına əsasən, “Airbus Helicopters H130” markalı helikopter La-Aurora beynəlxalq hava limanından havaya qalxaraq gölün şimal sahilində yerləşən hotelə istiqamətlənib. Uçuşun təxminən 30 dəqiqə davam etməsi planlaşdırılıb.
Lakin helikopter Panaxachel yaşayış məntəqəsinin yaxınlığında gölə düşüb.
Su altında axtarış aparan dalğıclar helikopterin böyük dərinlikdə yerləşməsi səbəbindən itkin düşən şəxsləri tapmaqda çətinlik çəkirlər. Axtarış-xilasetmə əməliyyatı davam edir.
