Payız aylarında palıd ağaclarının altında tez-tez rast gəlinən adi palıd qozaları son dövrlər yenidən insanların qida rasionuna daxil olmağa başlayıb.
Ucnoqta.az bildirir ki, min illər ərzində Şimali Amerikanın yerli xalqlarının əsas qida məhsullarından biri olan palıd qozaları indi kulinariya bloqlarında və reseptlərdə də özünə yer tapır.
Qeyri-adi görünməsinə baxmayaraq, palıd qozaları orqanizm üçün faydalı olan bir sıra vitamin və minerallarla zəngindir. Təxminən 28 qram palıd qozasının tərkibində 152 mq kalium və 2 qram protein var.
Dietoloq Trista Best bildirib ki, palıd qozaları düzgün hazırlandıqda təhlükəsiz şəkildə istehlak edilə bilər və müəyyən sağlamlıq üstünlüklərinə malikdir.
Palıd qozalarının faydaları
Bu qidada antioksidant xüsusiyyətlərə malik A, E və B6 vitaminləri var. Onlar orqanizmi oksidləşdirici stressdən və iltihabi proseslərdən qorumağa kömək edir.
Palıd qozaları həmçinin hüceyrələrin normal inkişafı və sümüklərin sağlamlığı üçün vacib olan manqan və folatlarla zəngindir. Tərkibində bağırsaqların fəaliyyətinə faydalı lif və omeqa-3 yağ turşuları da mövcuddur.
Niyə palıd qozasını birbaşa yemək olmaz?
Palıd qozalarının əsas problemi tərkibindəki taninlərdir. Bu təbii bitki birləşmələri qozalara acı dad verir və yüksək miqdarda qəbul edildikdə insan orqanizmi üçün zərərli ola bilər.
Taninlərin miqdarını azaltmaq üçün palıd qozalarını əvvəlcə suda islatmaq və ya qaynatmaq, daha sonra qabığını soyub qurutmaq lazımdır. Lakin bu proses kifayət qədər vaxt və əl əməyı tələb edir.
Palıd qozalarının gündəlik qidaya çevrilməməsinin digər səbəbi isə məhsuldarlığın hər il fərqli olmasıdır. Quraqlıq və yağıntıların dəyişməsi palıd ağaclarına və onların verdiyi məhsulun həcminə təsir göstərir.
Palıd qozalarından necə istifadə olunur?
Düzgün hazırlandıqdan sonra palıd qozalarını üyüdərək çörək və şirniyyat üçün un kimi istifadə etmək, sıyığa əlavə etmək və digər qoz-fındıqların əvəzinə yeməklərə qatmaq mümkündür.
Yabanı bitkilər üzrə mütəxəssis Maylz İrvinq palıd qozalarının dadını “demək olar ki, tüstülü və karamelə bənzər” kimi təsvir edir.
Palıd qozalarını özünüz toplamaq istəyirsinizsə, qəhvəyi və tam yetişmiş meyvələrə üstünlük vermək tövsiyə olunur. Yaşıl qozalar hələ yetişməyib və onların tərkibində taninlərin miqdarı daha yüksəkdir.
