Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Sünik vilayətinin Şaki kəndinin sakininin yaralanması ilə nəticələnən insidentlə bağlı açıqlama verib. Onun sözlərinə görə, hadisə zamanı Azərbaycan hərbçisi atəş açaraq kənd sakinini yaralayıb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, baş verən hadisənin hazırda səsləndirilən bəzi iddialarla əlaqəsi yoxdur.
“Baş verən hadisənin bu gün gördüyümüz bütün spekulyasiyalarla heç bir əlaqəsi yoxdur. Məsələ o həddə çatıb ki, insanlar artıq müəyyən edilmiş sülhü şübhə altına alırlar”, – deyə o bildirib.
Baş nazir Azərbaycan hərbçisinin saxlanılması zamanı videokadrların çəkilib-çəkilmədiyi barədə məlumatı şərh etməyib. Paşinyan məsələni dəqiqləşdirərək əlavə məlumat verəcəyini söyləyib.
O, həmçinin bildirib ki, silahlı Azərbaycan hərbçisi saxlanılarkən hər hansı müqavimət göstərməyib. Paşinyanın sözlərinə görə, hərbçi yaralanıb və ehtimal ki, görüntülərin yayımlanmamasının səbəbi də bu olub.
