İsrail HƏMAS-ın ölkə ərazisinə hücumunun üçüncü ildönümü ilə əlaqədar oktyabrın 7-də Qəzza zolağı ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıb və İordan çayının qərb sahilində tam təcrid rejimi tətbiq edib.
Ucnoqta.az xəbər verir ki bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin koordinasiyası üzrə idarəsi (COGAT) məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və müdafiə nazirinin qərarı əsasında oktyabrın 7-də İudeya və Samariya ərazisində tam təcrid rejimi tətbiq olunub, həmçinin 7 oktyabr 2023-cü il hadisələrinin ildönümü ilə əlaqədar Qəzza ilə sərhəddəki keçid məntəqələri bağlanıb.
Qeyd olunub ki, bu müddət ərzində Qəzza zolağına humanitar yardımın daxil olmasına icazə verilməyəcək.
İsrail oktyabrın 5-də də ölkədə dövlət səviyyəli anım mərasimləri keçirilərkən Qəzza ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamış və İordan çayının qərb sahilində təcrid rejimi tətbiq etmişdi.
