Şimali Kiprin Girnə şəhəri yaxınlığında avqustun sonunda batan sürətli “FiloJet” katamaranının qəzaya uğraması nəticəsində ölənlərin sayı 25-ə çatıb. İtkin düşən sərnişinlərin sayı isə 3 nəfərə enib.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü tanınmamış Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel məlumat verib.
Baş nazirin ofisinin yaydığı məlumata görə, axtarış-xilasetmə əməliyyatı zamanı daha bir sərnişinin meyiti aşkarlanıb. Çərşənbə günü iki, çərşənbə axşamı isə bir nəfərin meyiti tapılıb. Son beş gün ərzində təxminən 500 metr dərinlikdən ümumilikdə beş nəfərin meyiti çıxarılıb.
Ünal Üstel bildirib ki, aşkarlanan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün prosedurlara başlanılıb.
Baş nazir qeyd edib ki, sərnişinlərin meyitlərinin tapılması üçün bütün dövlət resursları səfərbər olunub. Axtarış işləri fasiləsiz davam etdirilir və bütün itkinlərin taleyi müəyyənləşənədək dayandırılmayacaq.
