Alınan xurma bəzən o qədər büzüşdürücü və ağızbüzən olur ki, onu yemək belə çətinləşir.
Ucnoqta.az bildirir ki, belə hallarda meyvəni kənara qoymağa ehtiyac yoxdur. Onun dadını yaxşılaşdırmaq üçün adi yetişmiş banandan istifadə etmək mümkündür.
Bunun üçün xurma ilə bananı eyni paketə qoymaq kifayətdir.
Xurmanı bananla necə şirinləşdirmək olar?
Bu üsulun sirri etilen qazındadır. Etilen yetişmiş meyvələrin, xüsusilə də bananın ifraz etdiyi təbii bitki qazıdır. Qapalı paketdə toplanan etilen xurmanın yetişmə prosesini sürətləndirir.
Bu proses zamanı yetişməmiş meyvələrə ağızbüzücü dad verən taninlərin təsiri azalır. Nəticədə xurma tədricən yumşalır, büzüşdürücü dadı zəifləyir və şirinləşir.
Bunun üçün 2-3 ədəd xurmanı bir ədəd yaxşı yetişmiş bananla birlikdə möhkəm paketə qoyun. Paketin ağzını bağlayaraq isti yerdə bir gecə saxlayın. Səhər meyvələri yoxlayın. Əgər xurma hələ də bərkdirsə, onu bir neçə saat və ya əlavə bir gün saxlamaq olar.
Paketi radiatorun yanında və ya birbaşa günəş şüaları altında qoymaq məsləhət görülmür. Həddindən artıq istilik meyvələrin xarab olmasına səbəb ola bilər. Xurma kifayət qədər yumşaldıqdan sonra onu paketdən çıxarmaq lazımdır.
Banan əvəzinə yetişmiş alma və ya armuddan da istifadə etmək mümkündür. Qeyd edək ki, bu üsul xüsusilə ağızbüzücü dadı olan xurma növləri üçün uyğundur.
